Beyləqan. Teymur Zahidoğlu - APA. Azərbaycanın bir neçə rayonunda taxıl sahələri və digər yaşıllıq örtükləri "Mərakeş çəyirtkəsi" kimi tanınan həşərat sürülərinin hücumuna məruz qalıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Beyləqan rayonunun Şirinqum adlanan ərazisində çəyirtkə sürülərinin artımı müşahidə olunur. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Beyləqan Bitki Mühafizəsi və Karantin İdarəsindən APA-nın Qarabağ bürosuna bildirilib ki, hazırda zərərvericilərə qarşı ciddi mübarizə tədbirləri görülür. Bunun üçün ətraf rayonlardan da kənd təsərrüfatı texnikaları cəlb olunub.
Mərakeş çəyirtkələrinin İmişli, Saatlı və Sabirabad rayonlarında da əkin sahələrinə və yaşıllıq örtüklərinə zərər vurduğu bildirilir.