Dekabr ayı ərzində daha 10 məktəb binasının tikilib təhvil verilməsi nəzərdə tutulur.
APA-nın xəbərinə görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin yaranmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.
Nazir deyib ki, Zaqatala rayonu ərazisində baş vermiş zəlzələ ilə əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə bölgələrində xilasetmə işlərinə cəlb olunub, rayonlara çox sayda texnika və avadanlıq, çadırlar, ərzaq, tikinti materialları göndərilib, dəymiş ziyanın müəyyənləşdirilməsi üçün işçi qrupları tərəfindən müvafiq tədbirlər həyata keçirilməyə başlanıb.
7 dekabr tarixinədək 28 min 680 fərdi yaşayış evinə, 1179 ictimai kommunal binalara baxış keçirilib. Onlardan 3545 fərdi yaşayış evinin, 11 kommunal çox mənzilli yaşayış binasının sökülüb yenidən tikilməsi, 4099 fərdi yaşayış evinin, 9 kommunal çoxmənzilli yaşayış binasının bərpası nəzərdə tutulub.
Ölkə prezidentinin göstərişinə əsasən, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Zaqatalada 3003, Qaxda 327, Balakəndə 215 olmaqla cəmi 3545 fərdi yaşayış evinin və 3 kommunal çoxmənzilli yaşayış binasının, həmçinin, Zaqatalada 20, Qaxda 10, Şəkidə 3, Balakəndə 2 olmaqla 35 məktəbin tikintisinə başlanılıb.