APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ölkə prezidentinin tapşırığına əsasən, qısa müddət ərzində "ASAN xidmət" mərkəzləri respublikanın bütün ərazisini əhatə etməli və bütün vətəndaşlar "ASAN xidmət"dən yararlanmalıdır.
İ. Kərimovun sözlərinə görə, əsas məqsəd mümkün qədər çox yerdə "ASAN xidmət" mərkəzlərinin açılıb istifadəyə verilməsi və vətəndaşlara asanlıqla əlçatanlığın təmin edilməsidir. Agentlik sədri qeyd edib ki, Azərbaycanın iqtisadi və əhalinin sayı baxımından böyük şəhərlərində və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da "ASAN xidmət" mərkəzinin açılması nəzərdə tutulur: “Bakıda sayca 4-cü olacaq yeni mərkəzin açılması ilə Sabunçu, Xəzər və Pirallahı rayonlarının əhalisinə xidmət göstəriləcək. Bununla da "ASAN xidmət" mərkəzindən Bakının bütün rayonlarının sakinləri yararlana biləcək. Belə ki, paytaxtın istənilən sakini Bakıdakı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə biləcək. Amma onlar hətta indi də qeydiyyat yerindən asılı olmayaraq, bəzi xidmətlərdən - vətəndaşlar sürücülük vəsiqəsinin verilməsi, notarial xidmətlər və digər məsələlərdən yararlana bilirlər”.