Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidova məlumat verib. O bildirib ki, bu çağırışlar nəticəsində 989 nəfər xəstəxanaya yerləşdirilib. Z. Vahidovanın sözlərinə görə, bayram günlərində təcili yardıma müraciət edənlərin sayında artım müşahidə olunub: “Əgər hər gün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində orta hesabla 1500-1600 çağırış daxil olurdusa, dekabrın 31-də bu say 1800-dən çox olub. Yanvarın 1-də çağırışların sayı 2000, yanvarın 2-si, 3-ü, 4-də isə bu say 1950-1960-dan aşağı düşməyib. Yalnız dünən çağırışların sayı bir qədər aşağı düşüb və 1700 çağırış qeydə alınıb. Klinikalar bu günlərdə işləmədiyindən təcili yardıma müraciət edənlərin sayı daha da artıb. Zərərçəkənlər arasında dəm qazı, qidadan zəhərlənmə, baş, diş ağrısı, qida ilə bağlı müraciətlər olub. Ölkəmizdə bayram süfrələri qarışıq və müxtəlif olduğundan baş verən hadisələrlə bağlı müraciət edənlərin sayı da artır. Bu hadisələr isə adətən normal hesab edilir”.