Bakı. Gülnar Bəşirova - APA. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Sığınacaq Sistemlərinin Keyfiyyət Təşəbbüsü layihəsi çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Dövlət Miqrasiya Xidmətinin (DMX) qaçqın statusunun müəyyənləşdirilməsi prosesində iştirak edən əməkdaşları üçün sentyabrın 25-27-də üç günlük təlim təşkil edib.
APA-nın məlumatına görə, təlimin məqsədi qaçqınların və sığınacaq axtaran şəxslərin himayəsini gücləndirmək məqsədilə milli qaçqın statusunun müəyyənləşdirilməsi prosedurlarının keyfiyyətinin yaxşılaşdırılması üçün DMX-nin işçi heyətinin bacarıqlarını artırmaqdır. Təlimdə BMT QAK-ın Azərbaycandakı ofisinin nümayəndəsi Daq Siqurdson, Qaçqın Statusunun Müəyyənləşdirilməsi idarəsinin rəisi Nazim Salmanov, Avropa İttifaqının Əməliyyatlar şöbəsinin nümayəndəsi Nikolay Bekasyak çıxış edib.
Qeyd edək ki, Azərbaycan 2013-cü ilin aprel ayında fəaliyyətə başlayan Şərqi Avropa və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyət Təşəbbüsü layihəsində iştirak edən altı ölkədən biridir. İki illik layihə Avropa İttifaqı və BMT QAK tərəfindən birgə maliyyələşdirilərək BMT QAK tərəfindən həyata keçirilir və altı ölkədə sığınacaq prosedurları və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlib. Azərbaycanla yanaşı, layihə Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı da əhatə edir.