APA-nın məlumatına görə, Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilən tədbir Dövlət Sərhəd Xidməti (DSX) Hərbi Hospitalı, Ambroise adına Beynəlxalq Hərbi Cərrahiyyə Forumu və Türk-Azərbaycan Endoskopik Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Martın 16-dək davam edəcək simpoziumda Azərbaycan da daxil olmaqla, dünyanın 10 ölkəsindən mütəxəssislər iştirak edir.
Tədbirdən öncə ADA Sağlamlıq Mərkəzinin açılışı olub. Tədbirdə qeyd edilib ki, Mərkəz DSX Hərbi Hospitalı tərəfindən idarə ediləcək.
Simpoziumun açılışında çıxış edən DSX rəisi Elçin Quliyev 20 ildən çoxdur Azərbaycan torpaqlarının işğalda olduğunu, Dağlıq Qarabağ və ətraf 7 rayonun, Azərbaycan-Ermənistan sərhədinin tam, Azərbaycan-İran sərhədinin bir hissəsinin işğal altında qaldığını diqqətə çatdırıb. DSX rəisi hərbi münaqişə şəraitində yaşayan Azərbaycanın hərbi cərrahiyyəsinin inkişaf etdiyini vurğulayıb.
Səhiyyə naziri Oqtay Şirəliyev isə çıxışında son zamanlar Azərbaycanda səhiyyə sahəsində çox sayda beynəlxalq tədbirlərin keçirildiyini vurğulayıb. Nazir son illərdə Azərbaycanda cərrahiyyə əməliyyatlarının sayının 2 dəfədən çox artdığını, ölüm hadisələrinin sayının isə 2 dəfədən çox azaldığını deyib. Hərbi cərrahiyyənin Azərbaycan üçün vacib olduğunu deyən nazir bu sahənin inkişafına böyük önəm verildiyini vurğulayıb.
ADA-nın rektoru Hafiz Paşayev isə tədbirin iştirakçılarına uğurlar arzulayıb, simpoziumun Azərbaycanın hərbi tibb sektoruna öz töhfəsini verəcəyinə inandığını deyib.
Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov atəşkəs rejiminin mövcud olmasına baxmayaraq hələ də güllə və mina yaralanmalarının mövcud olduğunu xatırladıb. O, hər il universitetə hərbi həkim ixtisası üzrə 90 nəfər tələbənin qəbul edildiyini bildirib: «Bunun 70 nəfəri Müdafiə Nazirliyi, 20 nəfəri Ədliyyə Nazirliyi üçündür. Bundan başqa, hər il 50 hərbi feldşer hazırlayırıq, həmçinin hərbi tibb sahəsində 14 ixtisas üzrə rezidenturaya qəbul həyata keçiririk».
Tədbirdə çıxış edən Ambroise adına Beynəlxalq Hərbi Cərrahiyyə Forumun prezidenti Zvonimir Lovric, M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Böyükkişi Ağayev tədbirin əhəmiyyətindən danışıblar. Çıxışlarda qeyd olunub ki, inkişaf edən Azərbaycan hərbi təbabət təcrübəsi ilə də dünyada öz yerini tutmaqdadır. Ötən illərlə müqayisədə hərbi tibb, xüsusilə də hərbi cərrahiyə sahəsində uzun yol qət edilib. Tədbir zamanı hərbi cərrahiyə sahəsində böyük nüfuza malik, dünya miqyaslı tibb müəssisələrinin nümayəndələri öz təcrübələrini paylaşacaqlar.