Bakı – APA-Economics. Aprelin 23-24-də Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası, aprelin 25-26-da isə əmək nazirlərinin konfransı keçiriləcək.
ƏƏSMN-dən “APA-Economics”ə veriən məlumata görə, konfransdan əvvəl iki gün ərzində «JW Marriott Absheron Baku» otelində keçiriləcək iclasda ilkin müzakirələr aparılmaqla konfrans üçün gündəlik hazırlanacaq, nazirlərin görüşü zamanı müzakirəyə çıxarılacaq əsas sənədlərin yekun razılaşdırılması təmin ediləcək.
«Hilton Baku» otelində keçiriləcək konfransda isə dünyanın 50-dən çox ölkəsinin, o cümlədən Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, İndoneziya, Bruney, Benin, Banqladeş, Kamerun və digər ölkələrin nazirləri iştirak edəcəklər. Konfransda əsas məqsəd İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəminin yaradılması, bu sahədə mütərəqqi ideya və innovasiyaların təqdimatı və mübadiləsi, habelə İƏT ölkələrində əmək bazarını inkişaf etdirmək, əmək potensialının yüksəldilməsini, işçi qüvvəsinin beynəlxalq standartlara çatdırılmasını təmin etmək, işsizliyin səviyyəsini azaltmaq və əhalinin rifahını yüksəltməkdir.
Görüşün yekunu olaraq iştirakçı ölkələr tərəfindən əmək və məşğulluq məsələləri üzrə «Bakı Çərçivə Sənədi»nin imzalanması nəzərdə tutulur. Sənəd İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq üçün fəaliyyət proqramı kimi qəbul olunacaq. Konfransa ev sahibliyi edən Azərbaycan növbəti 2 il ərzində İƏT üzrə əmək və sosial müdafiə məsələlərinə həsr olunan iclaslara sədrlik edəcək.
Bakıda İƏT ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin görüşü İslam dünyası, eləcə də digər xalqlar arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsində ölkəmizin getdikcə artan rolunun növbəti əməli təsdiqidir.
Qeyd edək ki, hələ 10 sentyabr 2011-ci il tarixində İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Türkiyənin İstanbul şəhərində keçirilmiş ilk görüşündə müzakirə olunan əməkdaşlıq perspektivlərinin davamlılığının təmin olunması məqsədilə növbəti konfransın ƏƏSMN tərəfindən Azərbaycanda keçirilməsi barədə təşəbbüs irəli sürülüb və yekdilliklə dəstəklənib. Bu tədbirlərin Bakıda keçirilməsi ilə bağlı İƏT Katibliyi ilə nazirlik arasında razılıq əldə olunub.
İƏT 25 sentyabr 1969-cu il tarixində təsis edilib, müsəlman ölkələrinin ən böyük və ən nüfuzlu rəsmi beynəlxalq hökumət təşkilatıdır. İlk dövrlərdə 25 dövlətin üzv olduğu İƏT hazırda ümumilikdə 1,2 mlrd. nəfərə yaxın əhalisi olan 56 ölkəni özündə birləşdirir. İƏT-i yaratmaqda məqsəd müsəlman dövlətləri arasında əməkdaşlıq, beynəlxalq müstəvidə həyata keçirilən fəaliyyətlər çərçivəsində birgə iştirak və təşkilata üzv ölkələrin sabit inkişafına nail olmaqdır.