Bakı. Könül Kamilqızı – APA. Bayram günlərində vaxtı ötmüş Yeni il hədiyyəsi satan müəssisə sahibi cərimələnib. Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, mərkəz tərəfindən aparılan monitorinqlər nəticəsində bu fakt paytaxtın Xəzər rayonunda fəaliyyət göstərən ticarət müəssisələrindən birində qeydə alınıb. İ.Abdullayevin sözlərinə görə, mağazadan götürülən bir qutudakı mallardan birinin vaxtı keçib. Ona görə də mağaza sahibinə müvafiq göstərişlər verildikdən sonra sahibkar cərimə edilib.
İ.Abdullayev qeyd edib ki, araşdırmalar hələ də davam etdirilir. Onun sözlərinə görə, bütün hədiyyə satılan və paylanan yerlərdə araşdırmalar aparılacaq. Hər hansı bir yerdə belə hallar aşkarlanarsa, onlara qarşı sərt tədbirlər həyata keçiriləcək. Dekabrın 25-dən başlanan yoxlamalar yanvarın ortalarına kimi davam edəcək.