Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda «Təmiz Şəhər» ASC-nin təşkilatçılığı, Fransanın «CNİM S. A.» şirkətinin maliyyə dəstəyi və Azərbaycan Diplomatik Akademiyası, Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurası (SYNERGIA), ABŞ-ın Kolumbiya Universiteti, Xəzər Enerji və Əraf Mühit Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə «Tullantıdan Enerjiyə tullantıların davamlı idarə olunmasının ayrılmaz hissəsi kimi və Bakı şəhərinin təcrübəsi» adlı beynəlxalq seminar başlayıb.
«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən «Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycanda bu sahədə görülən işlər və qurumun həyata keçirdiyi layihələr barədə geniş məlumat verib və qeyd edib ki, tullantıların düzgün idarə edilməsi məqsədilə müasir standartlara uyğun poliqon yaradılıb, ildə 500 min ton məişət tullantısını zərərsizləşdirməklə yanaşı, alternativ enerji kimi 231,5 mln. kVt/saat elektrik enerjisi istehsal edəcək zavod və illik 200 min ton gücə malik tullantıların çeşidlənməsi zavodu istifadəyə verilib. Balaxanı Sənaye Parkının yaradılması ilə bağlı görülən işlər, nəzərdə tutulan tədbirlər və Azərbaycanda «yaşıl biznes»in inkişaf imkanları barədə tədbir iştirakçılarına geniş məlumat verən Z.İbrahimov tullantıların idarə edilməsi sahəsində Azərbaycan təcrübəsinin inkişaf etməkdə olan ölkələr üçün uğurlu nümunə ola biləcəyini vurğulayıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Tədbirdə çıxış edən Azərbaycan Diplomatik Akademiyasının icraçı prorektoru Fariz İsmayılzadə beynəlxalq seminarın Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Beş gün davam edəcək tədbirdə Almaniya, Böyük Britaniya, ABŞ, İtaliya, Belçika, Avstriya, Yunanıstan, Türkiyə, İndoneziya, Braziliya, Hindistan, Oman, Livan, Qana, Nigeriya və s. ölkələrin nümayəndələri iştirak edir. Tədbir çərçivəsində SYNERGIA təşkilatının prezidenti professor Efstratios Kalogirou, ABŞ-ın Kolumbiya Universitetinin professoru və Yer Mühəndisliyi Mərkəzinin rəhbəri Nikolaos Temelis, Tullantıdan Material və Enerji Tədqiqat Mərkəzinin (MatER) rəhbəri, professor Stefano Konsonni, Leuven Universiteti Kimya Mühəndisliyi fakültəsinin professoru Karlo Vandekastil, UV&P Ətraf Mühitin İdarə olunması və Mühəndisliyi şirkətinin baş direktoru Franz Neubaçer, həmçinin bu sahədə fəaliyyət göstərən qurum və layihə rəhbərləri, yerli mütəxəssislər mühazirələrlə çıxış edəcəklər.
Seminar zamanı tullantıdan enerjiyə sahəsinin texniki aspektləri, ətraf mühitin mühafizəsinə müsbət təsirləri və iqtisadi səmərəliliyi, mexaniki-bioloji emal, bioqazların bərpası sistemi və tullantıların basdırılması kimi mövzular müzakirə ediləcək, müxtəlif təqdimatlar təşkil olunacaq.
Qeyd edək ki, «Tullantıdan Enerjiyə tullantıların davamlı idarə olunmasının ayrılmaz hissəsi kimi» mövzusunda beynəlxalq seminar hər il müxtəlif ölkələrdə keçirilir. Bu il Bakıda keçirilən tədbir haqqında ətraflı məlumatı «Təmiz Şəhər» ASC-nin rəsmi internet səhifəsindən http://tamizshahar.az/seminar.php əldə etmək mümkündür.