Bakı. Mübariz Aslanov - APA. Bu gün Bakıda Kaspi Təhsil Mərkəzi tərəfindən V Beynəlxalq Təhsil Sərgisi təşkil olunub.
APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, Azərbaycanda beynəlxalq təhsil sərgiləri ənənə halını alıb.
Onun sözlərinə görə, bu ənənənin təməli Kaspi Tədris Mərkəzi tərəfindən qoyulub: "Hər dəfə bu sərgilərdən sonra biz çoxsaylı gənclərimizin xarici təhsil müəssisələrinə qəbul olunduğunun şahidi oluruq. Hər il sərgidə iştirak edən universitetlərin də sayının artdığını görürük". Q.Novruzov qeyd edib ki, bu cür sərgilər Azərbaycan gənclərinin daha yaxşı təhsil alması üçün dünyanın ən qabaqcıl universitetlərinin proqramlarından bəhrələnmək imkanını ortaya qoyur.
Sərgidə müxtəlif istiqamətlərdə dil kursları, bakalavr və magistr proqramları ilə Böyük Britaniyanın ilk 10-luğunda olan universitetləri, Polşa, Avstraliya, Kipr, İsveçrənin dünyaca məşhur universitetləri təmsil olunur. Sərgi ziyarətçiləri iştirakçılar tərəfindən yerindəcə məlumatlandırılaraq, universitet və digər ölkələrin təhsil sistemi ilə yaxından tanışlıq imkanı qazanmaqla yanaşı, təhsilini xaricdə davam etdirmək istəyən gənclərin yerli və xarici mütəxəssislərdən məsləhətlər almasına şərait yaradır. Xaricdə təhsilə maraqlı olan gənclərin universitetlərin nümayəndələri ilə daha effektiv və təkbətək görüşmələri və birbaşa konsultasiya olunmaları üçün sərginin növbəti günü Kaspi Təhsil Mərkəzində seminar və təqdimatların təşkili planlaşdırılır.
Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva deyib ki, sərginin məqsədi tələbə və gəncləri xarici mütəxəssislərin iştirakı ilə dünyanın öncül universitetlərindəki təhsil imkanları barədə maarifləndirmək və Kaspi Təhsil Mərkəzinin köməyi ilə həmin universitetlərə çıxışlarını təmin etməkdir.