Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda yeni dünyaya gələn uşaqların sayı artıb. Bu barədə APA-ya açıqlama verən respublikanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. O bildirib ki, hazırda ölkədə dünyaya gələn uşaqların sayında artım müşahidə olunmaqdadır. N. Quliyevin sözlərinə görə, uşaqlarla bağlı ölüm hallarında isə azalma mövcuddur: “Əgər 2011-ci ildə uşaq ölümü 11 promille olubsa, 2012-ci ildə bu rəqəm 10,5-10,8 promille arasında dəyişib. Ana ölümündə də nəzərəçarpan azalma var. Son bir neçə ildə bu göstərici 35-dən 14-17-dək azalıb. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2012-ci ildə 14,9-a enib”.
Onun sözlərinə görə, 2012-ci il ərzində ölkə ərazisində doğuşa yardım, uşaqlara xidmətlə bağlı çoxsaylı tibb müəssisələri yenidən qurularaq istifadəyə verilib. Bunun nəticəsində də mövcud sahədə irəliləyişlərə nail olunub. Ötən il ərzində hazırlanan “2013-2017-ci illərdə Azərbaycanda ana və uşaqların müalicəsi haqqında” Dövlət Proqramının icrası da mövcud problemlərin aradan qaldırılmasına xidmət edəcək.