Bakı-APA. BMT-nin baş katibi Pan Gi Mun 5 iyun Ümumdünya ətraf mühit günü ilə bağlı müraciət yayıb. Bu barədə APA-ya BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib. Müraciətdə deyilir: “Elə bir bolluq dünyasında yaşayırıq ki, burada ərzaq istehsalı tələbatdan artıqdır, hələ də 870 milyon insan kifayət qədər qidalana bilmir və uşaqların inkişafının ləngiməsi səssiz epidemiya halını alıb. Arzuladığımız gələcəyi qurmaq üçün bu ədalətsizliyi aradan qaldırmalıyıq. Hər kəsi kifayət qədər qida ilə təmin etməli, inkişaf edən ölkələrdə əsas ərzaq təminatçısı olan kiçik fermerlərin məhsuldarlığını ikiqat artırmalı, həmçinin ərzaq sistemlərini ekoloji və iqtisadi zərbələrə qarşı dayanıqlı vəziyyətə gətirməliyik. Bu, BMT-nin “Dayanıqlı inkişaf” mövzusunda ötən il keçirilmiş Rio+20 Konfransında başlatdığım Aclığın Tam Aradan Qaldırılması ilə bağlı Çağırışımın ideyasıdır”.
Baş katib deyib ki, aclıq problemini həll etməyin və ən həssas təbəqələrin rifahının yaxşılaşdırılması yollarından biri hal-hazırda ərzaq sistemlərinə məxsus külli miqdarda itki və israfı aradan qaldırmaqdır. Hazırda istehsal edilən ərzağın ən azı üçdə bir hissəsini tarlalardan süfrələrə çatdırmaq mümkün olmur. Bu, aclıq probleminə meydan oxumaqla bərabər, enerji, torpaq və su sərfiyyətı baxımından böyük ekoloji xərclər tələb edir: “İnkişaf edən ölkələrdə zərərverici həşəratlar, tələblərə cavab verməyən saxlama yerləri və qeyri-səmərəli təchizat şəbəkələri ərzaq itkisinə gətirib çıxaran əsas səbəblərdir. İxrac məqsədilə ərzaq yetişdirənlər də çox vaxt yüksək tələblər qoyan və daha yaxşı görünüşlü məhsulları seçən alıclıların mərhəmətindən asılıdır. İnkişaf etmiş ölkələrdə, ev təsərrüfatlarında, həmçinin pərakəndə satış və iaşə müəssisələrində israf edilən ərzaq zibilxanalara atılır ki, bu da xeyli miqdarda ən güclü, istixana effektinə malik metan qazının yaranmasına səbəb olur.
Ərzaq itkisi və israfının qarşısının alınması hamımızın məşğul ola biləcəyimiz bir məsələdir. Məhz buna görə, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, həmçinin dövlət sektorundan və özəl sektordan olan tərəfdaşlar qlobal məlumatlılığı artırmaq, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin oxşar problemlərinin həll variantlarını nümayiş etdirmək məqsədilə, “Think. Eat. Save: Reduce Your Foodprint” - “Düşün. Ye. Qənaət et: Ərzaq əmsalını azalt” kampaniyasına başlayıblar.
Məhsul yığımından başlamış bazara çıxarılmayadək infrastruktur və texnologiya ərzağın xarab olmasının azaldılmasına kömək edə bilər. İnkişaf etməkdə olan ölkələrin hökumətləri əsas infrastrukturu yaxşılaşdırmaq və qonşularla ticarət imkanlarını artırmaq üçün çalışa bilərlər; inkişaf etmiş ölkələr ədalətli ticarətə dəstək göstərə və ərzaqların son istifadə tarixlərini və əmtəə nişanı vurma sistemlərini səmərələşdirə bilərlər; biznes qurumları istehsaldan imtinaya dair meyarlarında dəyişiklik edə bilərlər. İstehlakçılar isə yalnız onlara həqiqətən lazım olan ərzağı satın almaqla və bayat yeməyi atmaq əvəzinə yeməklə israfçılığı minimuma endirə bilərlər.
Bugünkü Ümumdünya Ətraf Mühit Günündə dünyanın ərzaq təchizatı zəncirinin bütün subyektlərini ekoloji cəhətdən dayanıqlı və sosial baxımdan ədalətli ərzaq sistemlərinə görə məsuliyyəti öz üzərlərinə götürməyə çağırıram. Hal-hazırda 7 milyard olan dünya əhalisinin sayının 2050-ci ilədək 9 milyarda çatacağı gözlənilir. Lakin bu, o demək deyil ki, aclıqdan əziyyət çəkən insanların da sayı artmalıdır. Ərzaq israfını azaltmaqla pula və resurslara qənaət edə, ətraf mühitə təsiri minimallaşdıra və ən əsası, hər kəsin kifayət qədər qidalana bildiyi dünyaya doğru addımlaya bilərik”.