Bakı – APA. BMT baş katibi Pan Gi Mun Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə günü münasibətilə müraciət edib. BMT-nin Bakı Ofisindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, “Gələcəyimizin qurumasına icazə verməyin” şüarı altında keçirilən Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə günü qlobal quraqlıq və su çatışmazlığı problemini diqqət mərkəzinə çəkir.
“Quraqlığın sosial, siyasi və iqtisadi zərərləri Özbəkistandan Braziliyaya, Seheldən Avstraliyaya qədər dünyanın hər yerində hiss olunmaqdadır. May ayında quraqlıqla əlaqədar əhalisinin 14 faizinin ərzaq təhlükəsizliyindən əziyyət çəkməsi faktı ilə Namibiyada milli fövqəladə hal elan edildi. 2012-ci ildə ABŞ-da kənd təsərrüfatına yararlı torpaqların 80 faizinə təsir göstərən 1950-ci illərdən bəri ən dəhşətli quraqlığa məruz qaldı. Afrika Buynuzunda 1990-cı illərdən bəri ən kəskin quraqlıq isə 2011-ci ildə baş verib və təxminən 13 milyon insanına təsir göstərib.
Son 25 ildə yaşadığımız dünya quraqlığa daha meylli olub və baş verən quraqlıqlar iqlim dəyişikliklərinin nəticəsi olaraq daha tez-tez, kəskin və daha geniş ərazilərdə rast gəlinməkdədir. Uzunmüddətli quraqlıq dövrləri torpaq deqredasiyası və səhralaşmanı sürətləndirərək ekosistemlərə böyük təsir göstərir. Quraqlıqların nəticəsi olaraq iqtisadi böhran, su ehtiyatları və məhsuldar torpaqlara görə münaqişə risklərini də göstərmək olar.
Quraqlığın qarşısını almaq çətin olsa da, onun fəsadlarını yüngülləşdirmək mümkündür. Fəsadlara hazırlıqlı olmaq üçün xərclənən vəsait fəlakətdən sonra lazım olan pulla müqayisədə çox azdır. Buna görə də keçən mart ayında Cenevrədə keçirilən Quraqlıqla Mübarizə üzrə Milli Qanunlara dair yüksək səviyyəli görüşün nəticələrini tam şəkildə həyata keçirməyə başlamalıyıq.
Səhralaşma ilə mübarizə günündə mən beynəlxalq ictimaiyyəti keçən il dayanıqlı inkişaf üzrə Rio+20 konfransının çağırışını yerinə yetirərək torpaqların deqredasiyasının qarşısını almağa səsləyirəm. Arid torpaqları qoruyaraq biz əhəmiyyətli su ehtiyatlarını qoruya, ərzaq və qida təhlükəsizliyini təbliğ edə və ifrat yoxsulluğu azalda bilərik”, - deyə baş katib vurğulayıb.