Bakı. Könül Kamilqızı – APA. Bu tədris ilində Bakı şəhərində 5060 şagird yerlik 7 yeni məktəb binası inşa edilib. Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, həmin məktəblərdən biri-Binə qəsəbəsindəki 326 nömrəli məktəb Heydər Əliyev Fondu, 2-si Təhsil Nazirliyi, 4-ü icra hakimiyyətinin vəsaiti hesabına tikilib. Beləliklə də Bakıdakı məktəblərin sayı 311-dən 316-ya yüksəlib.
Bundan başqa, 8 məktəbdə şagird sıxlığının aradan qaldırılması üçün 3180 yerlik əlavə korpus tikilərək istifadəyə verilib, 4 məktəbin idman və akt zalları tamamilə yenilənib. 62 məktəbdə əsaslı təmir işləri aparılıb. 3 məktəbin istilik sistemi təmir edilib, 2 məktəbə qaz xətti çəkilib. Ümumilikdə isə 2006-2012-ci illərdə paytaxtda 30 yeni məktəb binası inşa edilib. Onlardan 3-ü Heydər Əliyev Fondu tərəfindən tikilib, 8-i Heydər Əliyev Fondu tərəfindən olmaqla 179 məktəb üçün əlavə korpus inşa olunub. 234 məktəbdə əsaslı təmir işləri aparılıb.