Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-210, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 20-140, Naxçıvan Muxtar Respublikası çaylarında isə 60 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, son günlərdə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Yanvarın 7-də isə suyun səviyyəsində 2 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 135 m3/s, ongünlük normanın 83 faizini təşkil edir. Son günlər ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində azalma müşahidə olunub, yanvarın 7-də suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 57 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir.
Son günlərdə Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb, yanvarın 7-də isə suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, Kür çayının Surra məntəqəsində 19 sm, Şirvan 9 sm, Araz çayının Novruzlu məntəqələrində 2 sm azalma, Bankədə 3 sm, Salyanda isə 2 sm artım müşahidə olunub.