Bakı-APA. “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Litvanın hakim partiyası olan Sosial Demokrat Partiyasının Gənclər Təşkilatının sədri Ramunas Burokas, Litva Tələbə Birliyinin sədri Paulius Baltokas və Dünya Litva Assosiasiyasının Litva üzrə nümayəndəsi Ieva Davidenko ilə İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərov və İcmanın əməkdaşları arasında görüş keçirilib. Birlikdən APA-ya verilən məlumata görə, Orxan Əkbərov qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti, problemin dinc vasitələrlə nizama salınması prosesində Azərbaycan dövlətinin mövqeyi, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi və s. məsələlər haqqında litvalı qonaqlara məlumat verib.
Litvalı qonaqlar isə öz növbələrində bu münaqişənin tez bir zamanda və beynəlxalq hüququn prinsipləri əsasında həll olunacağına əmin olduqlarını bildiriblər. Sosial Demokrat Partiyasının Gənclər Təşkilatının sədri Ramunas Burokas Litvanın bu il Avropa Birliyinə sədrlik edəcəyini və Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət töhfə verilə biləcəyini nəzərə çatdırıb.