Bakı-APA. Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Hindistanın Azərbaycan Respublikasındakı səfiri Vinod Kumarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. DMX-dən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanda aparılan siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəldiyini və bütün sahələrdə müşahidə olunan sürətli inkişafla əlaqədar respublikamıza gələn əcnəbilərin sayının ildən-ilə artdığını bildirən Xidmət rəisi DMX-nin yaranma tarixi, fəaliyyəti, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, eyni zamanda daxili və xarici miqrasiya proseslərinin yaranma səbəbləri, qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən mübarizə təbirləri barədə məlumat verib.
Qəbula görə təşəkkürünü bildirən səfir Vinod Kumar Azərbaycanda miqrasiya sahəsində yürüdülən siyasətə müsbət münasibət bildirib, xidmətin qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində təcrübəsini yüksək qiymətləndirib, gələcəkdə xidmətin təcrübəsindən faydalanmağın əhəmiyyətli olacağını qeyd edib. Səfir DMX rəisini Hindistana dəvət edib.