Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib.
DGK-dən «APA-Economics»ə verilən məlumata görə, nəbul Sumqayıt şəhəri, eləcə də Qobustan, Xızı və Abşeron rayonlarını əhatə edib.
Qəbul zamanı müraciət edənlər bu ərazilərdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri olublar. Onlardan bir nəfər isə gömrük orqanlarında xidmətlə əlaqədar müraciət edib.
Şirkət nümayəndələrinin əksəriyyəti öz müraciətlərində apardıqları idxal-ixrac əməliyyatlarının gömrük rəsmiləşdirilməsi ilə əlaqədar Sumqayıt Gömrük Baş İdarəsində yaradılan şəraitdən razılıqlarını bildirib, yüklərin rəsmiləşdirilməsinin vaxtında və qanunauyğun şəkildə aparıldığını qeyd ediblər.
Eyni zamanda idxal-ixrac əməliyyatlarının həyata keçirilməsində gömrük rəsmiləşdirilməsi üzrə mütərəqqi metodların tətbiqinin, o cümlədən bütün əməliyyatların elektron qaydada aparılmasının vaxt itkisinin aradan qaldırılmasına müsbət təsirini xüsusi vurğulanıb.
Bununla yanaşı, bəzi müraciət edənlər gömrük rəsmiləşdirilməsinin daha səmərəli təşkili üçün təkliflərini irəli sürüblər. Bu təkliflərin öz həllini tapması və həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.
«Azərkimya» İstehsalat Birliyi və «Azqlas» şirkətinin nümayəndələrinin idxal etdikləri yüklərin gömrük rəsmiləşdirilməsi ilə bağlı yaranan, gömrük orqanından asılı olmayan problemlərlə əlaqədar isə DGK sədri tərəfindən aidiyyəti struktur bölmələrinin rəislərinə bu problemlərin tezliklə öz həllini tapması üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verilib.
Bundan başqa, şirkət nümayəndələrinin idxal etdikləri yüklərin rəsmiləşdirilməsi üçün gömrük ödənişlərinin ödənilməsində möhlət verilməsi və bu kimi digər məsələlər üzrə müvafiq qanunvericiliyin tələblərinə dair izahat da verilib.