Bakı. Könül Kamilqızı – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin saytında yerləşdirilən “Boşanma zamanı qadın və uşaqların qarşılaşdığı başlıca problemlər?” adlı sorğuya yekun vurulub. Komitənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sorğuda 104 nəfər iştirak edib. Sorğunun nəticələrinə görə, boşanma zamanı qadın və uşaqların qarşılaşdığı başlıca problemlər 32% qadının maddi asılılığı, 25% uşağın kimin himayəsinə verilməsi, 24% aliment ödənilməsi, 19% isə əmlak problemləri ilə əlaqədardır.
Boşanma zamanı qadın və uşaqların bu məsələlərlə tez-tez üzləşmələri ilə izah olunub. Qeyd olunub ki, boşanma zamanı maddi asılılıq qadının və uşaqların rastlaşdığı ən vacib problemlərdən birinə çevrilir: “Bəzən Azərbaycan ailəsində insanlar boşananda tərəflər arasında münasibətlər kəskin şəkildə pozulur, bu isə daha çox uşaqlara təsir edir. Xüsusilə uşağın kimə verilməsi məsələsi tərəfləri bir-birinə qarşı qoyur, uşaqlara psixoloji təsir göstərilir. Halbuki boşanma ər-arvad arasında olan problemlər nəticəsində baş verir. Uşaqlardan alət, vasitə kimi istifadə etmək düzgün yanaşma sayıla bilməz. Alimentin ödənilməsi də boşanma zamanı qadın və uşaqların üzləşdikləri problemlərdəndir. Son zamanlar qızların gəlin köçdükləri evə qeydiyyata salınmadığı, rəsmi nikah olmadığı, həmçinin uşaqlarının sənədləri qaydasında olmadığı üçün boşanma zamanı qadın və uşaqlar əmlak problemləri ilə üzləşirlər”.