Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən 16-30 iyun tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya veirlən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları ilə əlaqədar 135 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 40 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə 30 iş üzrə 170280 manat məbləğində inzibatı qaydada cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 17 iş üzrə 2310,37 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 219 iş üzrə 122271,73 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına isə 19 iş göndərilib.