Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində əldə olunan nailiyyətlər yüksək qiymətə malik olsa da, bu sahədə hələ də ciddi problemlərimiz var və onlar aktual mahiyyətə malikdir”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev UNİCEF-in Azərbaycan hökuməti ilə əməkdaşlığının 20-ci ildönümü münasibətilə “Uşaqlar naminə birləşə” şüarı altında keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, valideyn himayəsindən məhrum olan uşaqların ailə qayğısı ilə əhatə edilməsi, uşaqların asudə vaxtının daha səmərəli təşkili, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası kimi məsələlərlə bağlı hələ çox iş görülməlidir: “Görülən işlərin daha səmərəli həyata keçirilməsi məqsədilə biz beynəlxalq təşkilatlarla, ilk növbədə UNİCEF-lə əlaqələrin daha da güclənməsinə önəm veririk. Uşaqların problemləri ilə məşğul olmaq gələcəyin təməlini qoymaq deməkdir. Gələcək məfhumu isə mücərrəd bir anlayış deyil. Gələcək bugünkü uşaqlardır və biz onların problemlərinin həlli ilə nə dərəcədə məhəbbətlə, qayğı ilə məşğul olacağıqsa, gələcəyin təməli də o dərəcədə möhkəm və sağlam olacaq”.