Bakı. Şəhriyar Əlizadə - APA. “Məhkəmə-hüquq sistemi, prokurorluq və hüquq-mühafizə orqanları vətəndaş cəmiyyəti ilə yaxşı əməkdaşlı edir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, QHT-lərlə əməkdaşlıq davam etdirilir: “Bizim ən çox tənqidçilərimiz də vətəndaş cəmiyyəti, QHT-lərdir. Biz bu əməkdaşlığı daha sıx etmək niyyətindəyik”.
Ə.Hüseynli vəkillərin maddi imkanların yaxşılaşdırılması ilə də bağlı problemlərin olduğunu deyib: “Vəkillərə də ittiham tərəfinə yaradılan imkanları yaratmaq lazımdır. Əvvəllər vəkillərə ödənilən məbləğ az idi. İndi bir qədər artırılıb. Lakin bu məsələ gündəmdədir. Gərək hökumətin büdcəsi zamanı bu məsələyə diqqət yetirilsin. Vəkillərin maddi təminatı barədə düşünmək lazımdır”.
Ə.Hüseynli bölgələrdə vəkillərin sayında azlıq müşahidə edildiyini də deyib: “Bölgələrdə adambaşına düşən vəkillərin sayında azlıq var. Əvvəllər bizdə hakimlərin sayında da problem var idi. Lakin sonradan bu məsələ həllini tapdı. Hesab edirəm ki, bu məsələ də öz həllini tapmalıdır. İndiki mərhələdə bölgələrdə pulsuz hüquqi yardımın keçirilməsi vacibdir”.