Bakı. Könül Kamilqızı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş uşaqlarla görüş keçirilib.
APA-nın xəbərinə görə, görüşdə hər iki valideynini itirmiş uşağın fikirləri öyrənilib, problemləri araşdırılıb və onları həlli istiqamətində birgə müzakirələr aparılıb.
Xocalının keçmiş icra başçısı, millət vəkili Elman Məmmədov bildirib ki, bu uşaqların ən böyük problemi mənzil və işlə təmin olunma məsələsidir. Onun sözlərinə görə, uşaqların çoxu neçə illərdir qohumlarının himayəsində və kiçik ərazisi olan mənzillərdə məskunlaşıb. Onların bir çoxu isə ali və orta ixtisas təhsilli olsalar da, hələ də özlərinə uyğun bir iş tapa bilməyiblər. E.Məmmədov onlara şəhid övladı statusunun verilməməsini qanundakı boşluqla əlaqələndirib. Millət vəkili təklif edib ki, dünyanın müxtəlif ölkələrində tanınan Xocalı faciəsi zamanı hər iki valideynini itirən uşaqlara “Soyqırıma məruz qalmış şəxs” statusu verilsin.
Millət vəkili Qənirə Paşayeva isə deyib ki, hər iki valideyni olmadan böyümək və cəmiyyətdə layiqli yer tapmaq çox çətin məsələdir. Onun sözlərinə görə, uşaqları düşündürən əsas məsələ statusun qaytarılmasıdır: “Bəlkə də status verilərsə, bu, onlara əlavə imkanlar yaradar. Xocalıda hər iki valideynini itirən uşaqların sayı cəmi 25 nəfərdir. Onların mənzillə təminatı, iş tapması üçün lazımi köməkliklər göstərilsə, bu problemlər qısa zamanda öz həllini tapar”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, 25 uşağın problemlərinin həlli istiqamətində nazirlik üzərinə düşən işləri həll etməyə çalışacaq. Onun sözlərinə görə, problemlərin həlli üçün həm yazılı, həm də şifahi şəkildə lazımi qurumlarda müraciət ediləcək: “Əgər Nazirlər Kabineti tərəfindən razılıq verilsə, 25 nəfər nazirlik tərəfindən inşa olunan evlərdə mənzillə təmin oluna bilər”.
Görüşün sonunda həmin gənclərə Novruz sovqatı hədiyyə edilib. Bundan əlavə, 25 uşaqdan 5-ni öz himayəsinə götürərək bu günə kimi böyüdən və 2011-ci ildən ev növbəsində olan Qarabağ müharibəsi əlili Murad Məhərrəmova 3 otaqlı evin verilməsi barədə qərar verilib.