Bakı. Könül Kamilqızı - APA. Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenkonu qəbul edib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir Fizuli Ələkbərov ölkədə davamlı sosial-iqtisadi inkişafa nail olunması istiqamətində prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət və onun uğurlu nəticələri barədə məlumat verib, Dünya Bankı ilə birgə icra edilən “Sosial Müdafiənin İnkişafı” layihəsinin bu sahədə xüsusi önəm kəsb etdiyini vurğulayıb, layihənin icrası sahəsində əldə olunan nailiyyətləri qeyd edib.
Larisa Leşçenko “Sosial Müdafiənin İnkişafı” Layihəsinin icrası nəticəsində əldə olunan nəticələrin praktiki icrasına Dünya Bankının dəstək verməyə hazır olduğunu bildirib. O, sosial yardım proqramları və digər fəaliyyət istiqamətlərindəki innovativ müasir yanaşmaları, sosial proqramlardan əldə edilən nəticələri yüksək qiymətləndirdiyini deyib.
Görüşdə layihənin icrasının hazırkı vəziyyəti və əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.