Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Qafqaz Ticarət” MMC-nin direktoru Ahmet Yeman tərəfindən müəssisəsinin yaxınlığında yerləşən Asfalt istehsalı sahəsinin fəaliyyətinin ətraf mühitə mənfi təsiri ilə bağlı daxil olmuş şikayət məktubu Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı “Qafqaz Ticarət” MMC-nin yaxınlığında yerləşən Nərimanov rayonu 7-ci Köndələn küçəsi 205-ci məhəllə ünvanında fəaliyyət göstərən asfalt istehsalı sahəsinin “Turyol” MMC-yə məxsus olduğu məlum olub.
Nazirliyin mütəxəssisləri tərəfindən istehsalat sahəsinə keçirilən baxış və monitorinq zamanı asfalt istehsal edən qurğunun mazutla işləməsi və mövcud toztutucu qurğuların istismar qaydalarının pozulması səbəbindən tüstüötürücü borudan çirkləndiricilərin normadan artıq atmosferə atılmasına yol verildiyi aşkar edilib. Belə ki, atmosferə atılan tozun miqdarının 2,4, azot 4 oksidin 1,4, dəm qazının isə 1,6 dəfə yol verilən birdəfəlik maksimal qatılıq həddini keçdiyi qeydə alınıb. Yol verilmiş inzibati xətaya görə obyektin icarəçisi fiziki şəxs Turqay Yusifov barəsində protokol tərtib olunub, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən o, fiziki şəxs qismində inzibati qaydada 700 manat məbləğində cərimə edilib. Aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədi ilə ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.