Bakı – APA. Bir müddət əvvəl Bakıda Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu məzunlarının 1-ci forumu keçirildi. Bu məşhur elm ocağının məzunları arasında dünyanın bir çox ölkələrində yaşayan, yüksək vəzifələr tutan tanınmış insanlar var. Bu elm ocağının daha bir məzunu Fərid Əliyevlə tanışlığımız təsadüfən alındı. Öyrəndik ki, o, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun ilk azərbaycanlı məzunu olub. Hələ tələbə olarkən ona “biznes sənin canındadır” deyiblər. Hesab edirik ki, bu yaxınlarda 75 illik yubileyini qeyd etmiş azərbaycanlı ilə söhbət oxucularımız üçün də maraqlı olacaq.
APA-nın müsahibi Azərbaycanın məşhur şirkətlərindən olan “Altes Group”un prezidenti Fərid Əliyevdir.
- Bu yaxınlarda Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu məzunları forumunda iştirak etdiniz. Forumun keçirilməsini necə qiymətləndirirsiniz və onun əhəmiyyəti nədir?
- Hesab edirəm ki, MDBƏİ-nin daha bir məzunu - Azərbaycan prezidenti İlham Əliyev və bu institutun rektoru Tolkunov Bakıya bu qədər tanınmış simaları toplamaqla əsl möcüzəyə imza atdılar. İlham Əliyev və Tolkunov elə bir iş gördülər ki, bu ənənə onilliklərlə davam edəcək. Hətta qrafik sıxlığına görə foruma qatıla bilməyən xarici diplomatlar – MDBƏİ məzunları belə təbrik teleqramları göndərdilər. Belə bir forumun keçirilməsi həm ölkənin imici baxımından, həm də insanlar arasında itirilmiş əlaqələrin bərpası baxımından çox vacibdir. Hərəsi bir vəzifə tutan, bir işlə məşğul olan insanlar bir gündə Bakıda görüşürlər. Məncə, əsas olan da elə budur.
- Öyrəndik ki, MDBƏİ-nin ilk azərbaycanlı məzunu sizsiniz. Necə oldu ki, məhz bu ali məktəbdə təhsil almaq qərarına gəldiniz?
- Məktəbi bitirəndən sonra Yaroslavl Texnologiya Texnikumuna daxil oldum. Oranı da bitirərək, Azərbaycana qayıtdım və yeni açılan şin zavodunda vulkanizasiya sexinin müdiri kimi işə başladım. İngilis dilini mükəmməl bilməyim mənə çox kömək etdi. Sexin bütün avadanlığının istifadə qaydası xarici dildə idi və mən bu amildən istifadə edərək işləməyə başladım. Zavodda 1 il işlədikdən sonra instituta qəbul olmaq qərarına gəldim.
O zaman Moskvada Xalqlar Dostluğu İnstitutu yaranmışdı və mənə məsləhət gördülər ki, o instituta daxil olum. Amma biləndə ki, xarici dili mükəmməl bilirəm, məsləhət gördülər ki, elə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna da daxil ola bilərəm. Mən 5 imtahan verdim və 25 mümkün baldan 24-nü toplamaqla bu ali elm ocağının tələbəsi oldum.
- Tələbəlik illərindən insanların yadında müxtəlif əhvalatlar qalır. Yəqin sizin də belə xatirələriniz var.
- Bir dəfə Qorbaçov demişdi ki, yenidənqurmanı altmışıncı illərin məzunları başladılar. Onun dediklərində müəyyən qədər həqiqət vardı. Mən bu hadisələrin canlı şahidiyəm. Demək olar ki, MDBƏİ yenidənqurmanın mərkəzi idi. Bu təhsil ocağında o dövrün reallıqlarını nəzərə alsaq belə, azad fikirli insanlar toplanmışdı. O zaman MDBƏİ SSRİ Təhsil Nazirliyinə deyil, Xarici İşlər Nazirliyinə, konkret olaraq bu qurumun o zaman rəhbəri olan Qromıkoya tabe idi.
O zaman biz xarici tələbələrin də üzvü olduğu inter-klub yaratmışdıq. Rəhbəri də mən idim. Biz orada xarici tələbələrlə birgə xüsusi gecələr keçirirdik: Almaniya gecəsi, Macarıstan gecəsi və sair. Hətta o zaman antisovet fəaliyyətinə görə çıxışlarına heç yerdə icazə verilməyən Vladimir Vısotski də ancaq bizim keçirdiyimiz gecələrdə çıxış edə bilirdi. Azad fikirli Vısotski bizim əhatəmizdə özünü çox sərbəst hiss edirdi.
Rektorumuz Rıjenko gözəl insan idi. İndiki rektor Tolkunov da bir çox xüsusiyyətlərinə görə onu xatırladır – xarizmatikdir, komplekslərdən uzaq adamdır, istənilən adamla rahat və tez ünsiyyət qura bilir.
O dövrdən maraqlı çox hadisələr yadımda qalıb. Məsələn, MDBƏİ-ni bitirəndən sonra mən “Soyuzpromeksport”da işə düzəldim. İşlədiyimiz sahədə - “filiz kontoru”nda ən iri müştərilərimiz Yaponiya və Polşa idi. Əcnəbilərlə bütün danışıqları Moskvadakı “Berlin” otelinin barında keçirirdik. Görüşlər bitən kimi, bu barın adətinə görə, qalstukda olan qonaqların qalstukları qayçı ilə kəsilir və barın divarına vurulurdu...
- Moskvada nə qədər işlədiniz və niyə sonradan Azərbaycana qayıtmaq qərarına gəldiniz?
- Mən Azərbaycana 1973-cü ildə Heydər Əliyevin məsləhəti ilə qayıtdım. O görürdü ki, orda mənim işim çox çətindir. Məni buraxmaq belə istəmirdilər. Amma Heydər Əliyev zəng elədi bizim rəhbərliyə dedi ki, guya mənim atam xəstədir, qardaşım isə təhlükəsizlik orqanları xətti ilə Hindistanda işləyirdi, ona görə də valideynlərimin yanında yaşamalıyam. Mən işdən öz ərizəmlə işdən azad edildim və Bakıya qayıtdım.
Qayıdandan bir müddət sonra Heydər Əliyev mənə “İnturist”in direktor müavini vəzifəsini məsləhət gördü. Mən o zaman “İnturist”də tərcümə şöbəsinin müdiri işləyirdim. Amma Əlizadə adlı bir şəxs mənə “Vneştorq” deyilən qurumda işləməyi təklif etdi. Mən də bu təklifi Heydər Əliyevə bildirdim. O, etiraz etmədi və beləcə mən burada müvəffəqiyyətlə işləməyə başladım. Plandan kənar qazandığımız valyuta isə ölkənin tələbatlarına xərclənirdi.
- Bəs Heydər Əliyev Moskvaya işləməyə gedəndə sizə də getmək təklifi etmədi?
- O zaman Heydər Əliyev üçün çətin vaxtlar idi. Yavaş-yavaş Azərbaycanda hakimiyyətə elə insanlar gəlirdi ki, onlarla nəinki işləmək, heç normal dialoq aparmaq da mümkün deyildi. Vəzirov, Xalq Cəbhəsi, Mütəllibov... Odur ki, mən işdən öz xahişimlə azad olundum və Leninqrad şəhərinə getdim. Orda bir müddət “İnturist”də işlədikdən sonra bir firma yaratdıq. Azərbaycanda zeytun alıb orada satırdıq. O zaman mən yenidənqurma başlayandan bəri ilk dəfə olaraq yaxşı pul qazana bildim.
- Bəs Azərbaycanda növbəti dəfə bizneslə məşğul olmaq qərarına nə vaxt gəldiniz?
- Azərbaycanda hakimiyyətə normal adamlar gələn kimi mən biznes fəaliyyətimi ölkədə davam etmək istədim. İstənilən biznes normal, başa düşən, situasiyanı anlayan tərəfdaşlarla aparılmalıdır. Xalq Cəbhəsinin dövründə biz müqavilələri Nazirlər Kabinetində təsdiqlətməli idik. Amma orada vəzifədə oturan adamın ümumiyyətlə, biznesdən, hadisələrin gedişindən anlayışı belə yox idi. O adam başa düşmürdü ki, nəyə və niyə qol çəkir. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra hər şey öz yoluna düşdü.
- Bir biznesmen olaraq Azərbaycanda 1990-cı illərin biznes mühiti barədə nə deyə bilərsiniz? Sizin üçün Azərbaycanda biznes nədən və necə başladı?
- Əvvəlcə biz türklərlə birgə firma yaratdıq və o zaman ölkədə qıt olan malları gətirməyə başladıq. Görəndə ki, biznesimiz gəlir gətirir, davam etməyə qərar verdik. Çox böyük qürur hissi ilə deyə bilərəm ki, Bakıda ilk göydələni məhz biz tikmişik. Bu bina Nərimanov heykəlinin yaxınlığında yerləşir. Sonra Beynəlxalq Bankın, daha sonra isə Mərkəzi Bankın binalarını da tikdik.
Bir dəfə Heydər Əliyevin iştirakı ilə müşavirəyə qulaq asırdım. Bakının o vaxtkı icra başçısı Rafael Allahverdiyev çıxış edərək dedi ki, paytaxtda nəqliyyat qıtlığı var və avtobuslar çatışmır. Mən Heydər Əliyevin yanına konkret təkliflə getdim və o, bu işi mənə tapşırdı. Mənim Hollandiyada türk tanışım vardı, onun köməyi ilə 2 DAF avtobusu gətirdik. Bir müddətdən sonra effektivliyini görüb, onlarla belə avtobus gətirdik. O zaman mənə Korlar Cəmiyyətinin rəhbərliyi də müraciət etdi. Onların sexləri bağlanmışdı və cəmiyyətin pulu yox idi. Onlar üçün 25 avtobus gətirdim və icarə pulu hesabına cəmiyyət yenidən öz fəaliyyətini davam etdirdi.
Beləcə bizneslə məşğul ola-ola 2006-cı ildə “Altes group” yaratmaq qərarına gəldik. İndi bizim Londonda, Rusiyada və Qazaxıstanda biznesimiz var.
- “Altes group” Azərbaycanda daha harada binalar tikməyi planlaşdırır?
- Təəssüf ki, hələlik tikinti fəaliyyətimizi dayandırmışıq. Maliyyə böhranı bizim də işimizə öz mənfi təsirini göstərdi. İndi biz ciddi olaraq dərman biznesi ilə məşğuluq. Bu biznes sahəsi Rusiyada, Qazaxıstanda və Avropada yaxşı nəticələr verir. Bu ölkələrdə bizim sifarişimizlə ABŞ-da istehsal olunan dərmanların paylanması və satışı ilə məşğul olan firmamız var. Bir müddət əvvəl İsveçrənin məşhur “İvuar” brendini aldıq və indi bu kompaniyanın məsullarının da yayılması ilə məşğuluq.
Tikinti proyektlərinə gəldikdə isə iyunun 14-də “Altes Plaza”nın açılışını edəcəyik. Bu layihədə mindən çox insan çalışır. Təsadüfi deyil ki, “Altes group” Azərbaycanın ən böyük vergiödəyicilərindən biridir.
Bir müddət əvvəl bir qrup fırıldaqçı şirkətin rəhbərliyində güclü mövqe tutmağa cəhd etdi. Onlar bizim müştəriləri aldatmaqla məşğul idilər. Müştəri aldığı mənzilə görə pulunu verir, lakin onun pulu şirkətin kassasına oturmurdu. Evi təhvil vermə vaxtı gələndə isə insanlar öz evlərini ala bilmirdilər. Mən bu məsələni bilən kimi, bu insanları şirkətdən qovdum. Onlar bir az ara qatmaqla məşğul oldular, amma deyə bilərəm ki, bu məsələ öz həllinin tapır. Hamını əmin edirəm ki, “Altes group”n müştəriləri bizdən həmişə razı qalacaqlar.
- Mətbuatda belə bir məlumat getdi ki, guya siz Bakıda fırlanan göydələn tikmək istəyirsiniz. Bu barədə bir az geniş məlumat verməyinizi xahiş edərdik.
- Dünyada fırlanan yaşayış evi artıq Qətərdə var. Biz eyni şeyi Azərbaycanda da etmək istəyirik. 52 mərtəbəli bu binanın bütün mərtəbələri bir-birindən asılı olmayaraq, yavaş-yavaş fırlanacaq. Göydələnin tikilişi zamanı ən müasir texnologiyalardan istifadə olunacaq. Təsəvvür edin ki, siz yatmağa gedərkən pəncərənizdən şəhər görünür, səhər duranda isə qarşınızda dənizi görürsünüz. Biz indi bu proyekt üçün yer seçirik. Bina Rixter şkalası ilə 10 ballıq zəlzələyə davamlı olacaq. Bu yaxınlarda proyektin arxitektoru Fişer inşaatçılar və seysmoloqlardan ibarət komandası ilə birgə Bakıya gələcək.
İndi Bakının bir neçə simvolu var: Qız qalası, Flame Towers, Baku Crystal Hall, Heydər Əliyev Mərkəzi. Biz istəyirik ki, tikəcəyimiz fırlanan göydələn bu arxitektura möcüzələri ilə bir cərgədə dayansın. Ölkə prezidentinin siyasəti nəticəsində Azərbaycan güclü iqtisadiyyata malik dövlətə çevrilir. Biz bu iqtisadi dirçəlişə öz töhfəmizi vermək istəyirik.
Demək istəyirəm ki, Heydər Əliyevin böyük zəhməti və uzaqgörən siyasəti nəticəsində Azərbaycanı hələ SSRİ dövründən tanımağa başladılar. Sovet dövründə Moskvada gürcülərdən başqa Qafqazdakı bütün millətlər elə qafqazlı adlandırılırdı. “Odessalıları”, “bakılıları” hamı tanıyırdı, amma azərbaycanlıları heç kim tanımırdı. Məhz Heydər Əliyevin sayəsində bizi tanımağa başladılar. İndi onun oğlu İlham Əliyev atasının siyasətinin uğurla davam etdirir.
- Söhbətimiz zamanı siz Heydər Əliyevdən bir siyasətçi kimi çox danışdınız. Bəs sizin üçün Heydər Əliyev işdən kənar münasibətlərdə necə idi?
- Mən tez-tez onun bağına gedər və biz saatlarla söhbət edərdik. Deyə bilərəm ki, hələ sovet dövründə Heydər Əliyev ölkədə baş verən prosesləri və bunların nə ilə yekunlaşacağını gözəl başa düşürdü. O, dəfələrlə eyham vururdu ki, əgər proseslər belə davam etsə, SSRİ dağılacaq. Mənə isə deyirdi ki, susum və heç yerdə bu barədə danışmayım. O doğrudan da uzaqgörən, dahi bir şəxsiyyət idi...
...Biz bu uzun bir ömür yolu keçmiş insanla, biznesmen və maraqlı şəxsiyyətlə çox mövzulardan danışdıq. Məsələn, “Ağdam” çaxırının moskvalı tələbələr arasında nəyə görə məşhur olmasından, o tələbələrin Ağdamın harada olduğunu belə bilmədən bu şəhərin sağlığına içmələrindən, Vısotskidən, Bitls qrupu ilə görüşündən və daha nələrdən danışdıq. Söhbətin əvvəlində Fərid Əliyev bildirdi ki, əvvəlcə MBƏİ-nin beynəlxalq əlaqələr fakültəsinə daxil olubmuş, amma rektor Rıjenko ona “Fərid, sən qafqazlısan. Biznes sənin canındadır. Gəl səni beynəlxalq iqtisadiyyat fakültəsinə keçirim” demişdi. Zənni rektoru aldatmadı. Biznes doğrudan da Fərid Əliyevin canındadır...