Bakı-APA. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəvəti ilə Serbiya Respublikasının gənclər və idman naziri xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edib.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilkin olaraq qonaqları gənclər və idman naziri Azad Rəhimov qəbul edib. Hazırda qonaqlar digər qurumlarla və təşkilatlarla görüşlər keçirirlər.
Bu gün nümayəndə heyəti Azərbaycan Gənclər Fondunun ofisində olub. Qısa tanışlıqdan sonra qonaqlara Gənclər Fondunun təqdimatı keçirilib, Fondun fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, ümumiyyətlə, Azərbaycan və xarici ölkə gəncləri ilə Fondun əməkdaşlığı barədə məlumat verilib. Serbiyalı qonaqlar da öz növbələrində Fondla bağlı onları maraqlandıran bir sıra suallar ünvanlayıblar. Daha sonra Fondun icraçı direktoru Fərhad Hacıyev qonaqları qəbul edib, onları gələcəkdə qurula biləcək birgə əməkdaşlıq perspektivləri, ortaq fəaliyyət istiqamətləri barədə məlumatlandırıb.