Bakı. Etibar Məmmədov - APA. Bu gün Gənclərlə iş üzrə İctimai Şurası “Freedom House” beynəlxalq təşkilatının Azərbaycanla bağlı yaydığı hesabatla əlaqədar tədbir keçirib.
APA-nın məlumatına görə, QHT və gənclər təşkilatları üzvlərinin iştirak etdiyi tədbirdə çıxış edən Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev “Freedom House” beynəlxalq təşkilatının Azərbaycanla bağlı yaydığı hesabatın qərəzli və obyektivlikdən uzaq olduğunu deyib.
Onun sözlərinə görə, təşkilatın 2012-ci il hesabatında Azərbaycan azad olmayan ölkələr siyahısında göstərilib ki, bu da təəssüf doğuran bir hissdir: “Çünki həmin təşkilatın rəhbərliyi, onların ekspertləri Azərbaycandakı real vəziyyəti öyrənmədən belə bir hesabat yazıblar. Bu hesabatlarda Azərbaycanda baş verən real hadisələr öz əksini tapmır və bir qrup ekspertlərin qeyri-hökumət təşkilatı rəhbərlərinin verdikləri hesabat və rəylər əsasında gəlinən nəticədir. Halbuki bu təşkilatın qarşısına qoyduğu məqsədlərdən biri söz azadlığını təmin etmək, dünyada insan hüquq və azadlıqları haqqında olan real məlumatları yaymaqdan ibarətdir. Ümumiyyətlə, bu hesabat şəxsi, subyektiv təxəyyülün məhsuludur. Azərbaycanda fəaliyyət göstərən gənclər qeyri-hökumət təşkilatları “Freedom House” beynəlxalq təşkilatının 2012-ci il üçün yaydığı hesabatla razılaşmır və bunu subyektiv mülahizələrin nəticəsi kimi qiymətləndirir. Hesab edirik ki, bu mövqe Azərbaycan haqqında qərəzli mövqedir və müxtəlif beynəlxalq dairələrin, hətta belə fikir var ki, bu hesabat Ermənistan tərəfindən idarə olunan, maliyyələşdirilən müxtəlif lobbi qruplarının fikirlərini əks etdirir”.
QHT və gənclər təşkilatları olaraq tədbirə toplanan 200-ə qədər ictimai şuranın üzvü ona bəyanatla da çıxış edib: “Bu bəyanat həmin beynəlxalq təşkilatın öz ünvanına da göndəriləcək və bizim etirazlarımız orada öz əksini tapacaq”.
Tədbirdə digər çıxışlar da dinlənilib və bəyanat təşkilatın ünvanına göndərilib.