Bakı. Könül Kamilqızı - APA. Hər il Ombudsman təsisatından Təhsil Nazirliyinə təxminən 100 müraciət daxil olur.
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov Ombudsmanların XI Beynəlxalq konfransında çıxışı zamanı deyib.
O bildirib ki, həmin müraciətlər müəllimlərin hüquqlarının pozulması, onların işlə təminatında problemlər, şagirdlər təhsil müəssisələrində təzyiqlərə məruz qalması, onlar üçün lazımi şəraitin yaradılmaması, həmçinin valideynlərin məktəb rəhbərliyindən və müəllimlərdən narazılığı kimi məsələlər daxildir. F.Qədirov bildirib ki, bütün müraciətlər Təhsil Nazirliyi tərəfindən ciddi surətdə araşdırılır və Ombudsman təsisatına məlumat verilir.
Şöbə müdirinin sözlərinə görə, Təhsil Nazirliyi Ombudsman təsisatı ilə mütəmadi əməkdaşlıq edir: “2009-2010-cu tədris ilindən Ombudsman Aparatı və Təhsil Nazirliyinin “Uşaq hüquqlarının pilləli tədrisi” layihəsinə başlanılıb. Layihəyə ilkin mərhələdə Bakı şəhərinin 3 pilot məktəbi cəlb edilib. 2012-2013-cü tədris ilində layihənin əhatə dairəsi daha da genişlənib. İmişli, Füzuli, Qusar, Ağdam, Masallı, Lənkəran rayonları və Mingəçevir şəhəri üzrə məktəblər də qoşulmaqla hazırda layihə 50-dən çox məktəbdə həyata keçirilib”.