Bakı. Könül Kamilqızı - APA. Bu gün Elmin İnkişafı Fondu və Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun birgə təşkil edərək keçirdiyi I Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Fonddan APA-ya verilən xəbərə görə, müsabiqə üzrə 7 fundamental-tətbiqi xarakterli layihə qalib elan edilib.
Müsabiqə üzrə Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmə həcmi 490 000 manat olub. Bu layihələr fizika-riyaziyyat və texnika elmləri, həmçinin humanitar və ictimai elmlər sahələrini əhatə etməklə AMEA-nın Fizika İnstitutunda, Radiasiya Problemləri İnstitutunda, Milli Aviasiya Akademiyasında, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda, Azərbaycan Texniki Universitetində və Bakı Slavyan Universitetində yerinə yetiriləcək. Belarus tərəfdən Belarus Milli Elmlər Akademiyasının Fizika İnstitutu, Metalpolimer Sistemlərinin Mexanikası İnstitutu, Energetika İnstitutu, Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Belarus Dövlət Universitetinin Tətbiqi Fizika Problemləri İnstitutu və Belarus Dövlət Pedaqoji Universitetinin əməkdaşları birgə elmi-tədqiqat layihələrində iştirak edəcəklər. Müsabiqənin nəticələrinə həsr olunmuş tədbirdə Belarusun Azərbaycandakı səfiri Nikolay Yermolayeviç Paskeviç və səfirliyin əməkdaşları da iştirak ediblər.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Azərbaycan və Belarus arasında əlaqələrin davamlı əsaslarla inkişaf etdiyini, digər sahələrdə olduğu kimi, elmi əməkdaşlığın da yeni dövrün tələblərinə uyğun olaraq qurulduğunu, elmi prioritetlər nəzərə alınmaqla və tətbiqi sahələrə üstünlük verilməklə qısa müddət ərzində reallaşdırıldığını qeyd edib. Konkret təklif kimi Elmin İnkişafı Fondunun dəstəyi ilə Belarus alimlərinin elmi nailiyyətlər sərgisinin və Fondun maliyyələşdirdiyi qrant layihələri üzrə birgə Azərbaycan-Belarus elmi konfransının Azərbaycanda təşkil olunaraq keçirilməsi ideyaları irəli sürülüb.
Səfir Nikolay Paskeviç hər iki ölkə arasında ən müxtəlif səviyyələrdə mövcud olan siyasi, iqtisadi və humanitar münasibətləri xarakterizə edib. Səfirlik tərəfindən Azərbaycan və Belarus alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdiriləcəyinə hər cür dəstək göstəriləcəyi qeyd olunub.