Bakı. Viktoriya Dementyeva - APA. Bu gün İçərişəhərdə “Avropa Şəhərciyi”nin açılışı olub. APA-nın məlumatına görə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi və Avropa Birliyinə üzv dövlətlərin səfirlikləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Avropa Hərəkatı Azərbaycan təşkilatı ilə tərəfdaşlıq şəraitində təşkil olunmuş “Avropa Şəhərciyi”ndə AB-nin Azərbaycandakı cari layihələri, eləcə də Avropa mədəniyyəti təqdim edilir.
Tədbirin açılış mərasimində çıxış edən AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib ki, “Avropa Şəhərciyi” Avropa Birliyi ilə Azərbaycan arasındakı əlaqələrin genişlənməsini nümayiş etdirən mühüm hadisədir: “Bununla Azərbaycanda Avropa Birliyi və ona üzv dövlətlər barədə məlumatlar çoxalacaq və ümidvarıq ki, cari ilin noyabr ayında viza rejiminin sadələşdirilməsi sazişləri imzalanan kimi, Avropanın hansı ölkəsinə səfər etmək qərarı vermələrində bizim qonaqlara yardım edəcək”.
“Avropa Şəhərciyi”nin rəsmi açılışında AB nümayəndəliyi tərəfindən təşkil olunmuş builki uşaq rəsm müsabiqəsinin mükafatlandırma mərasimi də keçirilib. Açılışda AB üzvü olan bəzi dövlətlərin Azərbaycandakı səfirləri də iştirak edib.
Qeyd edək ki, bu gün və sabah “Avropa Şəhərciyi”nə gələn qonaqlar Avropa Birliyi və ona üzv dövlətlərin stendlərini ziyarət edə biləcək, Avropa Birliyinin yardımı ilə Azərbaycanda icra olunan layihələrlə tanış olacaq, Avropa Birliyi səfirlərinin müxtəlif təqdimatlarını və nitqlərini dinləyə biləcək, rəqs, dil dərsləri keçəcək, karaoke oxuyacaq, Avropa mətbəxini dadmaq, müxtəlif viktorinalarda iştirak etmək və müxtəlif mükafatlar qazanmaq imkanı əldə edəcəklər.
Hər iki axşam Azərbaycanın və Avropanın istedadlı musiqiçilərinin həm klassik, həm də müasir üslubda ifası ilə keçiriləcək konsertlərlə yekunlaşacaq.