Bakı-APA. Son illər informasiya kommunikasiya texnologiyaların inkişafı ilə əlaqədar olaraq gənclər asudə vaxtlarını internetdə müxtəlif faydalı işlərə sərf edirlər. APA-nın məlumatına görə, bunu nəzərə alaraq, Azərbaycanın internet məkanında İDEA Kampaniyası ətraf mühit məsələləri haqqında ictimaiyyəti məlumatlandırmaq, bu ekoloji problemlərlə mübarizə üsullarına yeni bir yanaşmanın təbliği kimi gənclərimizi ekoloji mövzularda müxtəlif bloqlar, məqalələr yazmağa həvəsləndirmək məqsədilə yeni bir layihəyə start verir.
Layihə gənclərin istər lokal istərsə də qlobal olaraq ətraf mühitə mənfi təsirlər haqqında məlumatlılıq səviyyəsini artırmaq, habelə bu mənfi təsirlərin aradan qaldırılmasında ictimaiyyətin mövqeyini gücləndirmək məqsədilə ekoloji mövzuda bloq yazmaq vərdişlərinə yiyələnmək istəyənlər üçün “Yaşıl Bloqerlik” təlimlərinin keçirilməsini nəzərdə tutur.
Təlimlərə 18-30 yaş arası, ətraf mühit sahəsinə və bloq yazmağa marağı olan, kompüterdə sərbəst işləmək bacarığı olan gənclər qoşula bilərlər.
Xaricdə təhsil almış ətraf mühit mütəxəssisləri tərəfindən keçiriləcək təlimlər iyul ayının 15-dən etibarən IDEA Resurs Mərkəzində baş tutacaq.
Təlimlərdə iştirak etmək istəyən gənclər “Ətraf mühiti necə qorumalıyıq?” adlı kiçik məqalə və həmçinin öz CV-lərini iyun ayının 30-dan gec olmamaq şərtilə “Yaşıl bloqerlik təlimləri” başlığı altında [email protected] elektron poçt ünvanına göndərməlidirlər.