Bakı-APA. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və Azərbaycan Gənc İş Adamları Şəbəkəsinin təşkilatıçılığı ilə Bakı şəhərində iki gün davam edəcək “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri Gənc İş Adamları Şəbəkəsi”nin (İƏT GİŞ) İdarə Heyətinin (İH) 3-cü iclası başlayıb. DƏ-İKGF-dən APA-ya verilən məlumata görə, tədbirin açılış mərasimində İƏT GİŞ-in icraçı direktoru Ergin Beceren və şəbəkənin Avrasiya üzrə regional direktoru Fərid Novruzi təbrik nitqi ilə çıxış edərək, İƏT məkanında son illər ərzində həyata keçirilmiş layihələr və görüləcək işlər barəsində məlumat veriblər.
İki gün davam edəcək iclas zamanı İƏT GİŞ-in Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və digər ölkələr üzrə təmsilçilərinin öz ölkələrində son iki il ərzində həyata keçirilmiş layihələrlə bağlı çıxış edəcəkləri gözlənilir. İclasın son günündə iştirakçılar arasında əməkdaşlıq, eləcə də İƏT GİŞ-in fəaliyyətinin gücləndirilməsi ilə bağlı ikitərəfli işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.
2011-ci ildə Bakı şəhərində təsis olunmuş DƏ-İKGF-yə bağlı olan İƏT GİŞ, İƏT ölkələrində fəaliyyət göstərən gənc iş adamları üçün birgə platforma rolunu oynamaqla onlar arasında biznes məlumat mübadiləsi, iqtisadiyyatın inkişafına töhfə verən biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradır.