Bakı – APA. Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşkilatçılığı ilə keçirilən 3-cü Beynəlxalq İƏT Modeli Qlobal Sammiti çərçivəsində ilk dəfə olaraq "Gənc müsəlman qadınlarının siyasi inkişafda və qərarvericilik prosesində rolu" adlı panel təşkil edilib.
Forumdan APA-ya verilən məlumata görə, panelin aparıcısı, DƏ-İKGF Xarici Əlaqələr Departamentinin direktoru Sevinc İskəndərova öz çıxışında problemin, demək olar, bir çox müsəlman ölkələrində aktual xarakter daşıdığını qeyd edib.
S.İskəndərova öz çıxışında eyni zamanda gənc qadınların ölkənin siyasi-ictimai həyatında fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı hazırda Azərbaycanda qadınların liderlik qabiliyyətinin artırılması sahəsində layihənin həyata keçirildiyini də bildirib.
Tədbirə ev sahibliyi edən Malayziya Beynəlxalq İslam Universitetinin rektoru professor Zaleha Kamaruddin "Qərar verənlərin 30%-i qadınlardır: Gənc müsəlman qadınların rolu" mövzusunda çıxış edərək, Malayziya və digər müsəlman ölkələrində yaşayan qadınların fəaliyyətindən bəhs edib.
Türkiyənin ailə və sosial siyasət nazirinin müavini Aşkın Asan qadınların qərarvericilik sahəsində oynadığı rolundan bəhs edərək, qadınların bu sahədə aktiv iştirak etməklə cəmiyyətdə balans yaratmanın önəmini vurğulayıb. Panel müzakirələr və iştirakçıların irəli sürdüyü təkliflərlə öz işini davam etdirib.