Cəlilabad. Ağəddin Babayev - APA. İyunun 29-da Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu qurumun Cəlilabad Ərazi Qeydiyyat İdarəsində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan bir qrup sakini qəbul edib.
APA-nın cənub bürosunun məlumatına görə, görüş zamanı vətəndaşlar tərəfindən daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin digər fəaliyyət növlərinə dair məsələlərlə bağlı qaldırılan müraciətlərə baxılıb.
Qəbula gələn bütün vətəndaşlar komitə sədri tərəfindən diqqətlə dinlənilib və müraciətlərin hamısının qanunauyğun formada həlli üçün zəruri tədbirlərin görülməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların bəzi müraciətləri yerindəcə həllini tapıb, komitənin səlahiyyətinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.