Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın təhsil sahəsində tətbiq edilən kurrikulum sistemi orta məktəblərdə tədris olunan fənlərin reytinq cədvəlinin dəyişməsinə səbəb olub. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, son 6 ildə uşaqlar üçün tədris olunan fənlər sırasında “Azərbaycan dili” və “Ədəbiyyat” fənni reytinq cədvəlində birinci yeri tuturdu. Lakin ötən il bu nəticənin dəyişdiyini deyən Z. Əliqızı qeyd edib ki, nəticələrə müvafiq olaraq fənlərin reytinq cədvəlinə “Riyaziyyat” fənni hakimlik edib: “Biz araşdırma apardıq ki, V-XI sinif şagirdləri arasında riyaziyyat fənnini seçənlər kimlərdir. Bu zaman məlum oldu ki, kurrikulum siyasətinə qoşulmuş və yeni tədris metodları ilə təhsil alan V-VI sinif şagirdləri riyaziyyat fənnini seçiblər. Riyaziyyatı seçən şagirdlərin hesabına liderlik “Riyaziyyat” fənninə keçib. Məktəblərdə fənn aylıqlara çox böyük həvəs var və hər birində iştirak edirlər. Həmin rəqabət sayəsində də məktəblərin ən güclüləri seçilir”.