Nazirliyin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında bildirib ki, sürüşmə davam edir və təcili tədbirlər görülməsə, proses daha da sürətlənəcək: “Sürüşmə əsasən 17, qismən də 18-19-cu kilometrlərdədir. NK-ya göndərilən təklifdə yamacın maililiyinin aşağı salınması və ankerlər vasitəsilə yamacın dayanıqlığının bərpa edilməsi, eyni zamanda alternativ yolun çəkilməsi əks olunub. Yolun dayanıqlığını təmin etmək çox çətin olacaq. Yol əsasən çəp hissələrdən və çox tez aşınan suxurlardan ibarətdir”.
B. Qaralov deyib ki, Ağsu aşırımında “Azəryolservis” tərəfindən yenidənqurma işlərinə hazırlıq görülür, dördzolaqlı yolun çəkilişi üçün layihələndirmə işləri aparılır: “Lakin bu yol çəkilən zaman Ağsu aşırımındakı sürüşmə sahələri dərindən öyrənilməli və ona qarşı tədbirlər görülməlidir”.