Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəranda Böyük Vətən Müharibəsi iştirakçılarının bir qrupuna yeni minik avtomobilləri hədiyyə olunub.
APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev və rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Rəfail Tahirov çıxış edərək, ölkəmizdə Böyük Vətən Müharibəsi iştirakçılarına və bu kateqoriyadan olan digər imtiyazlı şəxslərə göstərilən dövlət qayğısından söz açıblar.
Daha sonra “NAZ Lifan” markalı minik avtomobillərinin açarları və sənədləri Böyük Vətən Müharibəsinin iştirakçıları - rayonun Xolmili kənd sakini Sərraf Hüseynova, Girdəni kənd sakinləri Ramazan Şabanov və Tarverdi Məmmədova təqdim olunub. Müharibə veteranları öz növbələrində ölkə başçısına minnətdarlığını çatdırıblar.