Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirlinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasında ictimaiyyətin rolunun artırılması yolları” mövzusunda dəyirmi masa keçirilib.
APA-nın cənub bürosunun xəbərinə görə, tədbirdə FHN-nin Cənub Regional Mərkəz rəisinin müavini polkovnik-leytenant Maarif Nadirov “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaranma zərurəti” mövzusunda çıxış edərək, FHN-nin yaranma zərurəti, struktur bölmələri, fəaliyyət istiqamətləri, Nazirliyin fəaliyyətini təşkil edən hüquqi-normativ sənədlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
“FHN-nin Cənub Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi” barədə mövzuda çıxış edən Mərkəzin İctimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Zaur Hüseynov, aşma təhlükəsi olan iri gövdəli ağacların, avtomobil və dəmir yollarının, su obyektlərinin, hidrotexniki qurğuların, yüksək gərginlikli elektrik hava ötürücü xətlərinin, yanacaq və maye qaz doldurma məntəqələrinin, su və qaz kəmərlərinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması haqqında kənd və qəsəbələrdə əhali arasında maarifləndirmə işlərinin aparılması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətlərində Mərkəz ilə yerli icra nümayəndələri və bələdiyyələr arasında sıx qarşılıqlı əlaqələrin vacibliyindən danışıb.
“Sularda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və insanların təhlükəsizliyinin təmin edilməsi” və “2013-cü ilin ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilmsi” haqqında mövzularda çıxış edən Ərazi orqanları ilə iş şöbəsinin baş zabiti d/x mayoru İzzət İbadov 2013-cü il ilə 2012-ci ilin müvafiq dövrü ərzində Mərkəzin xidməti ərazisndə baş vermiş suda boğulma hadisələrinin səbəbləri, təhlükəli ərazilərdən vətəndaşlar tərəfindən çimərlik kimi istifadə olunmasının qarşısının alınması istiqamətində görüləcək işlər barədə danışaraq, eləcə də Mərkəzin dislokasiya ərazisində baş vermiş yanğın hadisələrinin təhlilini aparıb, yanğın hadisələrinin səbəblərini faktlar əsasında tədbir iştirakçılarının diqqətinə çatdırıb və baş verə biləcək yanğın-partlayış hadisələrinin qarşısının alınması istiqamətində təkliflər irəli sürüb.
Tədbir zamanı “Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!”, "Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?", "İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!" mövzularında hazırlanmış vərəqə və brüşürlar paylanıb. Mərkəzin fəaliyyəti, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar, su obyektləri, hidrotexniki qurğular və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən fərdi yaşayış evləri, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və müxtəlif təyinatlı obyektlər ilə bağlı foto slaydlar tədbir iştirakçılarına göstərilib və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.