Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Lənkəran şəhərində “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, cənub bölgəsinin 6 rayonundan - Lənkəran, Astara, Masallı, Cəlilabad, Yardımlı və Lerik rayonlarının icra hakimiyyəti aparatlarının nümayəndələri və bələdiyyə sədrlərinin, fermerlərin, meşə mühafizəsi və bərpası müəssisələri rəhbərlərinin iştirak etdiyi tədbirdə cari taxıl tədarükü dövründə və eləcə də meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub. Tədbirdə FHN-nin mütəxəssisləri tərəfindən yay mövsümünə hazırlıq, taxıl və ot biçini zamanı, eləcə də meşələrdə yanğın hadisələrinin baş vermə səbəbləri, dəyən ziyan, hadisənin qarşısının alınması yolları, qabaqlayıcı tədbirlərin görülmə üsulları, mövcud imkanlar, yaranan çətinliklər, texnikaların saz vəziyyətdə saxlanılmasının vacibliyi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, kənd təsərrüfatı məhsullarının oddan qorunması təkcə hüquq mühafizə orqanlarının deyil, həm də aqrar, eləcə də fermer təsərrüfatında çalışanların, təsərrüfat başçılarının, mexanik və sürücülərin, bu sahədə fəaliyyət göstərən bütün şəxslərin ümdə vəzifəsidir.
Müşavirənin sonunda FHN-in fəaliyyət istiqamətlərini əks etdirən videoçarx nümayiş etdirilib.