Bakı. Könül Kamilqızı – APA. “Bu gün Azərbaycanda 100-dən çox peşə təhsili müəssisəsi var. Ancaq nə peşə məktəblərində oxuyanların və çalışanların, nə də peşə təhsili müəssisəsini bitirənlərin peşə təhsili ilə bağlı təsəvvürü yoxdur və ya çox azdır”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov peşə təhsili ilə bağlı yeni sistemin təqdimatında çıxışında deyib. Nazir bildirib ki, orta məktəbdə oxuyan şagirdlər, onların valideynləri və müəllimləri peşə məktəbləri barədə kifayət qədər məlumata malik deyil. Nazirin sözlərinə görə, həm orta məktəb şagirdləri, həm müəllimlər, bir sözlə, Azərbaycan ictimaiyyəti görülən işlər barədə məlumatlandırılmalıdır: “Bu gün mən deyəndə ki, peşə məktəblərini qurtaranların 50%-i elə bitirən ili işlə təmin olunur, çox adam buna inanmır. Digər təhsil pillələrində belə bir göstərici yoxdur. Bu onu göstərir ki, Azərbaycanda peşə təhsilinə böyük ehtiyac var. Ölkə prezidenti öz siyasətində bunu bir prioritet məsələ kimi qarşıya məqsəd qoyub. Ölkəmizdə müxtəlif yollarla beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə yeni peşə məktəbləri tikilir, əsaslı təmir olunur. Bu görülən işlərin hamısı vaxtında və düzgün formada ictimaiyyətə çatdırılmalıdır”.