Bakı. Könül Kamilqızı - APA. Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov respublikanın Ağstafa rayonunda vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbul zamanı bölgədə yerləşən rayonların (Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux) sakinlərinin, eləcə də Kəlbəcər rayonundan olan və bu bölgədə məskunlaşmış məcburi köçkünlərin, ümumilikdə 80 nəfərə yaxın sakinin “Açıq qapı” şəraitində müraciətləri dinlənilib.
Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb. Müraciət edən vətəndaşların bir qisminin qaldırdıqları məsələlər elə yerindəcə həllini tapıb. Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən “Özünədəstək” proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verib.
Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qeyd edək ki, Ağstafa rayonunda keçirilən qəbul haqqında öncədən KİV-lərdə məlumat verilib, müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılıb.