Bakı. Etibar Məmmədov – APA. “Nazirlik tərəfindən gənc alimlərə dəstək vermək üçün müxtəlif layihələr həyata keçirilir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
İ. Babayev bildirib ki, nazirlik gənc alimlərə dəstək vermək üçün ideya yarmarkalarının təşkil olunması, gənc alimlərin tezis və məqalələrinin cəmləşdiyi elmi toplunun nəşr edilməsi istiqamətində müəyyən işlər görür: “Eyni zamanda gənc alimlərin beynəlxalq mübadiləsinə dəstək verilir, onların beynəlxalq tədbirlərdə iştirakına şərait yaradılır. Yəni, nazirlik digər aidiyyatı qurumlarla birgə gənclərin elmə həvəsini artırmağa və onların fəaliyyətinə dəstək verməyə çalışır. Son illər ərzində gənc alimlər müxtəlif beynəlxalq sərgilərdə iştirak edirlər. Biz istəyirik ki, gənc alimlərin sayı ildən-ilə artsın və düşünürəm ki, belə də olacaq. Çünki dövlətin öz strategiyası var, bununla bağlı xüsusi elmi fond fəaliyyət göstərir. Xüsusi olaraq dövlət proqramı çərçivəsində yaradılan Gənclər Fondu da məhz ayrıca olaraq, gənc tədqiqatçılara dəstək vermək üçün fəaliyyət göstərir”.