Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti "Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları"nı təsdiq edib. APA-nın NK-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, qaydalar Gömrük Məcəlləsinin 279.2-ci maddəsinə əsasən hazırlanıb.
Qaydalara əsasən Dövlət Gömrük Komitəsi gömrük nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə malların reyestrini kağız üzərində və elektron daşıyıcılarda aparır. Hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) mallar gömrük sərhədindən keçirilərkən, onun əqli mülkiyyət hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması məqsədilə komitəyə əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Ərizə kağız üzərində yazılı və ya elektron formada təqdim edilir.
Əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə ərizədə hüquq sahibi haqqında, əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə, malların təsviri, onların pirat və ya kontrafakt olmasını aşkar etməyə imkan verən məlumatlar, malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyi əks olunmalıdır. Ərizəyə mallar üzərində ərizəçinin hüquqlarını təsdiq edən sənədlər (əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və məlumat toplusunun qeydiyyatı haqqında şəhadətnamə, əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamə, patent, lisenziya müqaviləsi və ya əqli mülkiyyətə dair qanunvericiliyə uyğun olaraq digər sənədlər) əlavə olunur.
Komitə ərizəyə onun daxil olduğu gündən 1 ay müddətində baxır və malların reyestrə daxil edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul edir. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar ərizəçinin təqdim etdiyi səhv məlumatlar əsasında reyestrə daxil olunduğu hallarda, həmin mallar komitənin qərarı ilə reyestrdən çıxarılır. Reyestrə malların qeydiyyat nömrəsi, malların adı (təsviri), hüquq sahibi haqqında məlumatlar, əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə məlumat, malların reyestrə daxil edildiyi tarix, malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada hüquq sahibinin maraqlarını təmsil edən şəxslər haqqında məlumatlar (hüquqi şəxsin adı, hüquqi ünvanı, elektron ünvanı (olduqda), əlaqə telefonları və ya fiziki şəxsin adı, soyadı, atasının adı, ünvanı, elektron ünvanı (olduqda), əlaqə telefonları), reyestrə daxil edilmiş mallar barədə komitə tərəfindən gömrük orqanlarına göndərilmiş məktubun tarixi və qeydiyyat nömrəsi daxil edilir.