APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev tibb işçilərinin peşə bayramına həsr olunan tədbirdə çıxışında deyib. Səhiyyə naziri bununla bağlı kadr siyasətində böyük işlər görüldüyünü bildirib. O.Şirəliyev deyib ki, əvvəllər özəl universitetlərdə tibb fakültələri var idi və klinikaları, xəstəxanaları olmayan bu fakültələri hər il yüzlərlə tələbə bitirsə də, onlar mütəxəssis kimi tam hazırlanmırdı.
Həmin fakültələrin sonradan ləğv edildiyini deyən nazir qeyd edib ki, işsizliyin qarşısını almaq üçün qəbul yeri də azaldılıb: “Bu gün dünya praktikasında qəbul olunmuş tibb işçilərinin sertifikasiyası kimi praktikanın ölkəmizdə tətbiqi həkimləri daimi nəzəri biliklərini artırmağa sövq edir. Bu ildən etibarən həkimlər işə mərkəzləşmiş qaydada test üsulu ilə imtahan verməklə qəbul olunur ki, bu da praktikada həm ixtisas səviyyəsi imkan verməyənlərin həkim kimi çalışmasının qarşısına sədd çəkir, həm də regionlarda illərlə boş qalan vakant yerlərin həkim kadrları ilə təmin olunmasına xidmət edir. Mərkəzləşmiş işə qəbul imtahanları nəticəsində məlum oldu ki, insanlar əvvəllər təəssürat yaradıldığı kimi region tibb müəssisələrindən qaçmırlar, əksinə böyük həvəslə bölgələrə gedirlər”.