APA-nın məlumatına görə, mərasimdə çıxış edən “Mardan Palace – Antalya” otelinin baş meneceri Cumhur Özen deyib ki, əntiq əşyaların, əsasən də Osmanlı dövründən bu günə qədər çıxan kağız pullarının kolleksiyaçısı kimi Türkiyədə məşhur olan Mehmet Gacıroğlu ilə dostluq münasibətləri 20 ildən artıq bir vaxtı əhatə edir. C. Özenin sözlərinə görə, bu müddət ərzində M. Gacıroğlunun kağız pullar kolleksiyasının toplanması hobbisinin həyata keçməsində onun da əməyi olub. C. Özen kolleksiyaçının başqa sahələrdə də iş adamı kimi uğurlu fəaliyyətindən də söz açaraq, M. Gacıroğlunun bu hobbisini tarixi missiya olaraq xarakterizə edib: “Mehmet Gacıroğlu uşaq yaşlarında Ərzurumda babasından aldığı Osmanlı dövrünə aid kağız pul onda bu sahəyə maraq yaradır. Uzun illər bir hobbi olaraq yanaşdığı iş, artıq onu Türkiyədə kolleksiyaçısı kimi məşhurlaşdırıb”.
“Mardan Palace – Antalya” otelində aprelin 25-dən mayın 5-dək müddətdə keçiriləcək sərgi haqda da məlumat verən C. Özen deyib ki, Antalya hər zaman dəniz istirahəti ilə yadda qalıb. Bu səviyyədə olan mədəni proqramlar isə Antalyada keçirilməyib: “Bu sərgi Antalyanın və bizim otelin imicində müsbət təsir edəcək”.
Kolleksiyaçı Mehmet Gacıroğlu isə bildirib ki, qədim pulların kolleksiyasına olan marağı babasının çəkməcəsindən Sultan Mehmet Rəşat dövrünə aid 1 lirəlik kağız puldan yaranıb: “Pullar həqiqətən incə əsərlərdir. Ancaq təmsil etdiyi məna isə məncə, böyükdür”.
M. Gacıroğlu Osmanlı dövrünün ilk kağız pullarının Sultan Əbdülməcid dövrünü əhatə etdiyini də söyləyib: “Kolleksiyama daxil olan kağız pullar 1840-cı illərdən başlayaraq bu günümüzə qədərki dövrü əhatə edir. Hazırda nümayiş olunacaq kağız pulların sayı iki minə qədərdir. Məncə bu, həm də tariximizin tablosudur”.
Mərasimdə o da qeyd olunub ki, 2011-ci ildə M. Gacıroğlunun müəllifliyi ilə “Devlet-i Aliyye-i Osmaniyye - Kağıt Para Kataloğu” adlı ensiklopedik kitab da nəşr olunub.