Bakı. Şəhriyar Əlizadə - APA. 2012-ci ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı ötən illə müqayisədə 63% (52 000 ədəd) artıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu fikirlər nazirliyin kollegiya iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Milli Məclisə təqdim olunmaq üçün hazırlanmış illik məruzə müzakirə olunan zaman səsləndirilib.
Məlumata görə, bələdiyyə aktlarının 1400-ə yaxın nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. 500-dən çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunub, 28 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib və onlardan 15-i üzrə cinayət işi başlanılıb. Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 9 min hektaradək torpaq sahəsinin geri qaytarılması təmin olunub. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsi, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılması, metodiki yardımın təsirliliyinin yüksəldilməsi üzrə və digər müvafiq tapşırıqlar verilib.
Bununla yanaşı, nazirliyin fəaliyyətini tənzimləyən, o cümlədən təqsirləndirilən şəxslərin və məhkumların təhlükəsiz daşınması ilə bağlı bir sıra normativ-hüquqi aktların təkmilləşdirilməsi məsələləri müzakirə olunub, habelə kadr potensialının gücləndirilməsi və yeni nəsil ədliyyə işçilərinin hazırlanmasına dair əlavə tədbirlər müəyyən olunub.
İclasda həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.