Bank Of Baku

Qadınlara qarşı ayrı-seçkiliklə bağlı dəyirmi masa keçirilib

Qadınlara qarşı ayrı-seçkiliklə bağlı dəyirmi masa keçirilib
# 18 iyun 2013 10:20 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakıda “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın ictimai vəkillik mexanizmlərindən istifadəsi” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.

 

APA-nın məlumatına görə, tədbir Azərbaycan Respublikasının BMT-nin CEDAW Komitəsində təqdim etdiyi 5-ci dövrü hesabata həsr olunub.

 

Tədbirdə çıxış edən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, hesabatda əsasən məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, o cümlədən insan alveri sahəsindəki vəziyyət və boşluqlar və digər problemlər əks olunub: “Hazırda hesabat üzərində iş gedir. Əslində qadınlara qarşı ayrı-seçkiliyin ləğvi ilə bağlı komitənin iclası bir necə il bundan sonra keçiriləcək. Düşünürəm ki, bu dövr ərzində bu prinsip daha da təkmilləşdiriləcək. Biz Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının qarşısının alınmasında maraqlıyıq. Fikrimcə, bununla bağlı qəbul edilmiş cəza metodları effektiv nəticə vermir, ona görə də daha da sərtləşdirilməlidir”.

 

M. Zeynalova qeyd edib ki, təşkilat intihar halları ilə bağlı ilə də monitorinq aparıb: “Nəticəyə görə, bu hal daha çox kişilərdə müşahidə olunsa da, hazırda qadın intiharlarının sayı kişilərlə demək olar ki, eyni səviyyəyə çatıb”.

 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, alternativ hesabatların hazırlanması üzrə işçi qrupunun rəhbəri Sahib Məmmədov deyib ki, hesabatda BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin ləğvi üzrə komitəsinin 20 iyul – 7 avqust 2009-cu il tarixli 44-cü sessiyasında qəbul etdiyi Azərbaycanın 4-cü dövrü hesabatı ilə bağlı yekun qeyd şərtlərin, tövsiyələrlə bağlı həyata keçirilən hüquqi və praktiki fəaliyyətlərin icra vəziyyətinə həsr olunub. Onun sözlərinə görə, hesabatda ayrı-seçkilik yaradan qanunlar, məişət zorakılığının və insan alverinin qarşısının alınmasına yönələn hüquqi, praktiki fəaliyyətlər qiymətləndirilib, tövsiyələr verilib.

 

Ailə, Uşaq və Qadın problemləri üzrə dövlət komitəsinin əməkdaşı Mehriban Əsədli  bildirib ki, qadın zorakılığı hallarının qarşısının alınması ilə bağlı komitə tərəfindən regionlar üzrə maarifləndirmə işləri aparılır.

 

Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən, layihə Kaunterpart İnternational təşkilatı tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra olunur.

 

Dəyirmi masa “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası tərəfindən təşkil olunub.


 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR