Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şöbə müdiri Afiqə Batıyeva və sektor müdiri Cavanşir Orucov Qazaxıstan Təhsil və Elm Nazirliyinin “Dərslik” Respublika Elmi-Praktik Mərkəzinin dəvəti ilə Astanada keçirilən Beynəlxalq müşavirədə iştirak ediblər.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Təbiət-riyaziyyat istiqamətli fənlər üzrə yeni tipli dərsliklərin hazırlanmasına konseptual yanaşmalar: təcrübə və inkişaf meylləri” mövzusunda keçirilən beynəlxalq müşavirədə həmin istiqamətlər üzrə dərsliklərin hazırlanması, ekspertizası, qiymətləndirilməsi və aprobasiyası ilə bağlı məruzələr dinlənilib, eləcə də elektron dərsliklərin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.
Müşavirədə orta məktəb dərsliklərinin elmi-metodiki monitorinqi və aprobasiyası məsələləri də müzakirə obyekti olub. A.Batıyeva TQDK tərəfindən respublikanın ümumtəhsil məktəblərində istifadədə olan dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin keçirilməsi mexanizmi haqqında məlumat verib. Bu məlumat böyük maraq doğurub və Qazaxıstanda gələcəkdə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin təşkilində TQDK-nın təcrübəsinə istinad ediləcəyi bildirilib.