Bank Of Baku

Qəbələdə Azərbaycan-Koreya arxeoloji ekspedisiyasının yekunlarına dair tədbir keçirilib - FOTO

Qəbələdə Azərbaycan-Koreya arxeoloji ekspedisiyasının yekunlarına dair tədbir keçirilib  - <span style="color: red;">FOTO
# 29 iyun 2013 16:32 (UTC +04:00)

APA-nın məlumatına görə, Çuxur Qəbələ kəndindəki Arxeoloji Mərkəzdə keçirilən tədbirdən öncə Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn, Qəbələ arxeoloji ekspedisiyasının rəisi, AMEA-nın müxbir üzvi, professor İlyas Babayev, Koreya eskpedisiyasının rəhbəri, Seul Milli Universitetinin professoru Yi Seon-Bok, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədr müavini İrina Zeynalova, arxeoloqlar, tarixçilər, KİV nümayəndələri qazıntı aparılan ərazilərə baxış keçiriblər.

 

Məlumat verilib ki, Azərbaycan-Koreya arxeoloji ekspedisiyası 2009-cu ilin yayında SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, maliyyə və təşkilatı dəstəyi ilə fəaliyyətə başlayıb. O vaxtdan etibarən Qafqaz Albaniyası dövlətinin paytaxtı, sonralar isə Azərbaycan və Şərqin tarixində əhəmiyyətli şəhər olmuş Qəbələnin (e.ə.IV-b.e.XVIII əsrləri) üç tarixi ərazisində, eləcə də Paleolit, Eneolit və Erkən Tunc dövlərinə aid şəhərkənarı ərazilərində hər il arxeoloji tədqiqatlar aparılır.

 

Bildirilib ki, Qəbələdəki arxeoloji tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları və Koreyanın bir neçə elmi mərkəzinin mütəxəssislərindən ibarət komanda tərəfindən aparılır. 2013-cü ildə isə tədqiqatlar sahəsi 1500 kvadrat metr olan şəhərin Antik ərazisində davam etdirilib. Dördüncü qazıntı sahəsində e.ə. III-II əsrlərə aid olan tikili qalıqları, içərisində taxıl qalığı olan təsərrüfat küpləri, saxsı qab fraqmentləri tapılıb. Əvvəlki üç oval tikilinin yanında yerləşən dördüncü oval tikilinin də qazıntısı qədim Qəbələnin möhtəşəm memarlığından xəbər verdiyindən uğurlu hesab edilə bilər.

 

2013-cü ildə Qəbələ şəhərinin I-XI əsrlərə aid ərazisi olan Səlbirin bir neçə ərazisində şimali-qərb, qərb və cənubi-qərb istiqamətlərində tədqiqatlar aparılıb. Qazıntılar nəticəsində şəhərin müdafiə istehkamlarının bəzi hissələri, müxtəlif növ tikililər (şəxsi evlər, istehsalat tikililəri, hovuz, su kəməri, çirkab suları xətti), qəbirlər, eləcə də katakomba tipli qəbirlər, saxsı qablar, bəzək əşyaları aşkara çıxarılıb. Bu tapıntılar I-XI əsrlərə aid şəhərsalma və şəhər həyatının səviyyəsini təqdim etməyə imkan verir. Məlumat verilib ki, 2013-cü ildə tapılan ən maraqlı maddi-mədəniyyət nümunələrinin saxlanılması və mütəxəssislər tərəfindən laboratoriya işlərinin aparılması üçün lazımi şərait yaradılıb. Həmin nümunələr Çuxur Qəbələ kəndindəki Arxeoloji Mərkəzin sərgi salonunda nümayiş olunur. 2013-cü ildəki arxeoloji qazıntı mövsümünün iyulun sonunda yekunlaşması nəzərdə tutulur.

 

Qazıntıların nəticələri ilə tanışlıqdan sonra arxeoloji mərkəzdə mətbuat konfransı keçirilib, KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

                                                         

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR